Meksikalı hücumçu Xavyer Çiçarito Ernandes Kriştiano Ronaldu ilə bağlı təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı futbolçu 2014/15 mövsümündə "Real Madrid"də Ronaldu ilə birgə çıxış edib. O, Rio Ferdinandla söhbətində bunları deyib:
"Kriştiano ilə eyni paltardəyişmə otağında olmaq inanılmaz idi. Səndən və digər komanda yoldaşlarından onun haqqında çoxlu hekayələr eşitmişdim. Sonra isə onunla eyni komandada oynamaq şərəfinə nail oldum. Sizin danışdıqlarınız tamamilə doğru idi. O, hətta axşam yeməyində belə rəqabət aparırdı. Amma bu rəqabətcilik heç vaxt təkəbbürlə bağlı deyildi. Məsələ başqasından üstün olduğunu sübut etməkdə deyil. Sadəcə, onun daxilində daim işləyən bir mexanizm var idi. Düşünürəm ki, bir çox futbolçuda belədir: bizdə 'açıq' və 'bağlı' rejimi olmur, həmişə "açıq" rejimindəsən. Ən yaxşı olmaq üçün hər saniyə ən yaxşı olmalısan. Yalnız bu yolla ən yaxşı olduğun zaman yaranan təzyiqə tab gətirmək mümkündür.
Amma səmimi desəm, onun insan kimi də çox yaxşı xüsusiyyətləri var idi. Mən heç vaxt Kriştiano qədər çox işlədiyimi iddia etmirəm. Amma həmişə digərlərindən əvvəl gəlib prosedurlardan keçirdim və ya idman zalında məşq edirdim. Əlavə məşq lazım olanda da bunu edirdim. Sən də bunu öz gözlərinlə görmüsən. Buna görə də onunla təkbətək vaxt keçirmək imkanım olurdu. O, tək qalanda da başqa cür insan deyildi".


