"Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Dinamo"ya (Kiyev) 0:1 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra baş tutan mətbuat konfransında Qurban Qurbanov qarşılaşma ilə bağlı fikirlərini bildirib:

"Çox danışılacaq bir şey yoxdur. Rəqibimizi təbrik edirəm. Cavab oyununa hazırlaşmalıyıq. Qarşımızda yaxşı müdafiə olunan və sürətli əks-hücuma keçən bir komanda var idi. Bir az sürəti, dinamikanı qaldırmaq lazım idi. Hava da çox isti idi, bu da bizə mane oldu. Qarşıda 5-6 günümüz var. Bakıya gedəndən sonra oyunu yaxşıca analiz edib, ikinci oyuna hazırlaşacağıq".

Təcrübəli mütəxəssis legioner limiti barədə sualı belə cavablandırıb:

"Legioner limitinin özünü doğruldub-doğrultmadığını görmək üçün vaxt lazımdır".

O, müdafiəni hücumdan daha yaxşı etdiklərini də söyləyib:

"Texniki, kiçik bir səhvdən qol buraxdıq. Müdafiədə heç də pis oynamadıq. Sadəcə hücum xəttində aqressivlik, aktivlik çatmadı".

Qeyd edək ki, tərəflər arasında cavab oyunu bir həftə sonra - avqustun 13-də oynanılacaq.