Azərbaycanın MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərovun Offsideplus.az saytına müsahibəsi
- Azad müəllim, azərbaycanlı döyüşçü Rafael Fiziyev UFC313 yarışı çərçivəsində martın 9-da ABŞ təmsilçisi Castin Qeyci ilə qüvvəsini sınayacaq. Bu sahənin mütəxəssisi, eləcə də keçmiş döyüşçü olduğunuzu nəzərə alaraq, sizin qarşıdakı görüş barədə fikirlərinizi öyrənmək istərdik.
- Rafaelə güvənirəm. O, uzun müddətdir döyüşmədiyinə görə qələbəyə "ac"dır. Fikrimcə, həmyerlimiz qalib gələcək. Allah eləməsin, əgər uduzsa belə, yaxşı döyüş göstəriciyinə əminəm. Bu, mənim şəxsi fikrimdir. Ancaq idmanda hər şey ola bilər. Bunu ona görə demirəm ki, Rafael azərbaycanlıdır. Sadəcə, onun qələbə qazanacağını hiss edirəm.
- Bəs vaxt amili həmyerlimizin əleyhinə ola bilərmi? Rafaelə döyüş barədə məlumat cəmi 2 gün öncə verilib. Görüşə hazırlıq üçün vaxt az deyil ki?
- Hesab edirəm ki, vaxt kifayət qədərdir. İndi həyatda hər şey sürətlə baş verir. Düşünürəm ki, Rafael döyüşə tam hazır olacaq.
- Bəs real şansları necə qiymətləndirirsiniz?
- Castin Qeyci artıq yorulub, peşəkar idmanla vidalaşıb, təqaüdə getməlidir. İndi o, keçmiş nüfuzuna görə rinqə çıxır. Bir var ada görə vuruşursan, bir də var karyerada yüksəliş məqsədi güdürsən. Mən keçmiş idmançıyam, mənim də başıma belə işlər gəlib. Nüfuzuna görə döyüşdə uduzsan belə, rəqibindən çox qazanırsan.
- Yəni, demək istəyirsiniz ki, Castin Qeyci üçün qarşıdakı görüşdə maddiyat daha önəmlidir?
- Ay sağ olun! Rafaelin vəziyyəti isə fərqlidir. O, karyerasında irəliləyişə nail olmaq istəyir, kəmər qazanmağı arzulayır. Bəlkə də 2-3 il əvvəl olsaydı, Castin favorit olardı. Amma indi üstünlük Rafaelin tərəfindədir.
- Sizcə, Rafaelin ən üstün cəhətləri hansılardır?
- Rafael güclü zərbələrə malikdir. Güləş bazası yoxdur. Muay-tay növü ilə məşğul olduğundan əl-ayaqla işləməyi sevir. Düzdür, güləşməyi də nisbətən bacarır. Ancaq rəqibi yıxmaq, ağrıdıcı fənd işlətmək onun üslubuna uyğun deyil.
- Rafaellə əlaqəniz varmı? Onunla görüşürsünüzmü?
- Əlbəttə, var. Bir müddət öncə onun menecerinə zəng vurmuşdum, Rafaelin özünü narahat etmək istəmədim. Bu idmançıya böyük hörmətim var. Yeri gəlmişkən, federasiyamıza dəstək verdiyi üçün Azərbaycan Gənclər və İdman Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Nazirlik idmançılarımıza, UFC döyüşçülərinə həmişə diqqət və qayğı göstərir, onların yarışlara daha yaxşı hazırlaşmaları üçün bütün şəraiti yaradır.