Niderland Futbol Federasiyası AZ klubunun vaxtından əvvəl başa çatdırılan Erediviziyanın nəticələrinin dəyişdirilməsi ilə bağlı müraciətinə baxıb.
Offsideplus.az qurumun rəsmi saytıına istinadən xəbər verir ki, komandanın müraciəti təmin olunmayıb, turnir cədvəlindəki sıralama olduğu kimi saxlanılıb.
Klubun məsələ ilə bağlı UEFA-ya da məktub ünvanladığı qeyd olunub.
Qeyd edək ki, AZ koronavirus pandemiyası səbəbindən ləğv olunan 2019/2020 mövsümünü 56 xalla 2-ci sırada başa vurub və mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Alkmaar təmsilçisi ilə eyni xala malik, yalnız qolların fərqinə görə rəqibini qabaqlayan lider "Ayaks" isə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Bununla razılaşmayan AZ rəhbərliyi hesab edir ki, cari mövsüm keçirilən şəxsi görüşlərin hər ikisində Amsterdam klubuna qalib gəldikləri üçün ÇL-ə birinci yerin sahibi kimi məhz onlar getməlidirlər.