Məşhur pop ulduzu Harri Staylsın konsert turu "Ayaks"ı çıxılmaz vəziyyətdə qoyub.

Offsideplus.az xəbər verir ki, Amsterdam təmsilçisi Konfrans Liqasına vəsiqə uğrunda pley-off matçlarını doğma meydanı "Yohan Kroyf Arena"da keçirə bilməyəcək.

Müğənninin mayın 16-dan iyunun 5-nə qədər stadionda düz 10 konsert proqramı planlaşdırılıb. Təqvimin sıxlığı səbəbindən "Ayaks" mayın 21-də "Qroningen"ə qarşı keçirəcəyi yarımfinal matçını rəqib arenaya köçürməli olub.

Amsterdamlılar pley-off oyunlarını "Volendam" klubunun cəmi 6800 azarkeş tutumu olan "Kras Stadion"unda keçirəcəklər. Bu isə o deməkdir ki, komanda öz doğma arenası ilə müqayisədə (56 120 yer) təxminən 50 min azarkeşin dəstəyindən məhrum olacaq.

Vəziyyəti qəlizləşdirən digər məqam isə stadionun əsl sahibi "Volendam"ın da həmin günlərdə (20 və 23 may) elitada qalmaq uğrunda öz pley-off oyunlarına çıxmasıdır.

"Ayaks" isə "Qroningen"lə yarımfinal oyununu mayın 21-də keçirəcək.