Dünya çempionatının seçmə mərhələsində Argentinaya 1:4 hesabı ilə uduzan Braziliya mili komandasının baş məşqçisi Dorival Junior məğlubiyyətə səbəbini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, çalışdırıcı nəticənin çox ağır olduğunu etiraf edib.

"Mən vəziyyətin ciddiliyini anlayıram. Bununla belə, öz işimizə inanıram, vəziyyəti dəyişəcəyimizə ümidvaram. Bu, çətin, zəhmət tələb edən prosesdir. Mənim futboldakı təcrübəmlə bu durumdan çıxacağımıza şübhə etmirəm. Mən heç vaxt təslim olmuram, işlədiyim komandalarda həmişə uğura nail olmuşam", - deyə Dorival Junior bildirib.

Qeyd edək ki, böyük hesablı məğlubiyyətdən sonra Braziliyada yenə baş məşqçinin dəyişdirilməsi və hazırda "Real Madrid"də çalışan Karlo Ançelottinin milli komandaya cəlb olunması ətrafında müzakirələr qızışıb.