Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Millimizin və digər yığmaların DÇ-2022-dəki qrup rəqibləri müəyyənləşib:

A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, Azərbaycan

B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosova
C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva
D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan
E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya
F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer Adaları, Moldova
G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq
H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta
İ qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino
J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn

FİFA reytinqində dünyanın 109-cusu, Avropanın 44-cüsü olan Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Püşk UEFA üzvü olan 55 ölkənin yığmalarını beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa bölünüb.  Canni de Byazinin baş məşqçisi olduğu milimiz 5 komandalı qrupa düşüb.

Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək.

Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.

Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.