İran Futbol Federasiyası ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mallinin fikirlərinə reaksiya verib.

Offsideplus.az xəbər verir ki, Mallin daha əvvəl İranın DÇ-2026-dan kənarlaşdırılmasından məmnun olduğunu bildirmişdi: "Onların vizalarını ləğv etdiyimiz zaman xoşbəxt idim. Bəlkə də bir-iki mahnı oxuyub, sevincimdən rəqs etdim".

İran Futbol Federasiyası bu barədə bəyanat yayıb:

"İranlılar ABŞ rəsmilərinin pis rəftarına və yalanlarına öyrəşiblər, ona görə də İranda heç kim bu düşmənçilik bəyanatlarına təəccüblənmir. Bu bəyanatlar bir daha nümayiş etdirir ki, ABŞ rəsmiləri beynəlxalq hüquqa və ya qlobal idman tədbirinə ev sahibliyi edə biləcək ölkədən gözlənilən prinsiplərə sadiq deyillər.

Onun İranın turnirdən kənarlaşdırılmasını açıq şəkildə bayram etməsi, bizim komandamızdan ziyada, onun özü haqqında daha çox şey deyir. Bu, dünyanın ən böyük arenasında mübarizə aparan bir futbol komandasının varlığına belə dözə bilməyən xırdaçılıq (bədxahlıq) səviyyəsini əks etdirir.

Yeni Zelandiyaya qarşı matçımızdan sonra baş məşqçimiz bildirdi ki, ABŞ komandamıza qarşı qeyri-insani və qeyri-peşəkar rəftara görə İranın bu turnirdə qalmasını istəmir. Bu şərhlər yalnız həmin inamı daha da gücləndirir".