Niderland millisinin baş məşqçisi Ronald Kuman DÇ-2026-nın 1/16 finalında Mərakeşə uduzduqları (1:1, penaltilərlə 2:3) oyundan sonra meydana 5 müdafiəçi ilə çıxmaq qərarına aydınlıq gətirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis yarımmüdafiəçi Ticani Reyndersin əvəzinə müdafiəçi Natan Akeni ilk dəqiqələrdən meydana buraxmışdı.

"Sözsüz ki, daha yaxşı edə biləcəyimiz şeylər var idi. Elə anlar oldu ki, çox geriyə çəkildik. Özümüz kifayət qədər yaxşı müdafiə olunsaq da, rəqibə təzyiq göstərə bilmədik.

Belə bir rəqibə qarşı çoxlu qol epizodu vermək olmaz. Amma bütün bunları artıq oyun bitəndən sonra danışırıq. Sonradan ağıl vermək hamı üçün asandır.

Bu sxemi (5-3-2) ona görə seçdik ki, ötən üç oyunda qapımız qarşısında çoxlu qol epizodunun yaranmasına imkan vermişdik. Buna göz yumub eyni şəkildə davam etmək də olardı, lakin məşqçi reaksiya verməli, nəyisə dəyişməlidir.

Niderlandda hamı bizdən 5 müdafiəçi ilə oynamağı tələb edirdi. Oynadıq – və yenə də nə isə bəyənilmir. Amma bu, mənim vecimə deyil. Bu qərara görə peşman deyiləm" – deyə baş məşqçi bildirib.