"Sabah" klubunun baş məşqçisi Murad Musayev "Beşiktaş"a qarşı keçirilən xeyriyyə matçından sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Düşünmək olar ki, "Beşiktaş"la matç Konfrans Liqası öncəsi "Sabah" üçün yaxşı təcrübə oldu?
- Belə hesab etmək olar. 30 min azarkeşin qarşısında oynadıq. Əsas odur ki, futbolçularım Vinsent Abubakar və Cenk Tosundan qorxmadı. Qalib də gələ bilərdik. Cəsur oyunumuz xoşuma gəldi.
- Yəqin ki, indi əhval-ruhiyyəniz yaxşıdır. İki saatdan sonra "Qarabağ" çempion olsa, əhval-ruhiyyəniz korlanacaq?
- Xeyr. "Qarabağ" və Qurban Qurbanovu təbrik edəcəm. Onlar buna layiq idilər. Heç nə əhval-ruhiyyəmi korlamaycaq.
- Penaltidən istifadə etsəydiniz, oyun başqa cür gedəcəkdi?
- Məncə, o qədər də dəyişməzdi. Avropada da belə oynamaq istəyirik. "Beşiktaş" cinahları dəyişirdi, qısa ötürmələrlə çıxırdı. Amma qarşısını alırdıq.
- Bu oyun göstərdi ki, "Sabah" avrokuboklara hazırdır. Daha böyük uğurlar üçün nələr etmək lazımdı?
- Çempionatı başa vurandan sonra transferlər haqda düşünəcəyik. Komanda komplektləşəndən sonra nəsə demək olar. Yeni qan lazımdır. Futbolçular Azərbaycana gəlməyi çox da fikirləşmirlər.
- Bu oyundan sonra Aleksey Kaşukun transfer dəyərinin artacağını gözləmək olar?
- Biz onu saxlamaq istəyirik. Amma hər şey bizdən asılı deyil. O, Avropa çempionatına yollanacaq. Necə olacağını görəcəyik.