"Sabah" Futbol Akademiyasının (FA) Göygöldə uşaqlar üçün keçirəcəyi seçim turu ərəfəsində ajiotaj yaranıb.
Bu barədə Offsideplus.az saytına akademiyanın rəhbəri Namiq Süleymanov məlumat verib.
Onun sözlərinə görə, aprelin 24-25-də Göygöl Olimpiya İdman Kompleksində gerçəkləşəcək müsabiqəyə maraq böyükdür: "Göygölə yaxın rayonlardan - Goranboy, Şəmkir, Ağstafa, Tovuzan belə seçim turlarında iştirak etmək istəyənlər var. Qeydiyyat davam edir, müsabiqəyə maraq çox böykdür. Müsabiqəyə qatılanlarla bağlı say məhdudiyyəti yoxdur. Hətta ola bilsin ki, biz müraciətlərin çoxluğuna görə proqrama daha bir gün əlavə edək".
Müsabiqəyə 2009-2015-ci il təvəllüdlü uşaqlar qoşula bilərlər.
Göygöldən sonra "Sabah" FA-nın nümayəndələri Lənkərana səfər edəcəklər (29-30 aprel). Mayın ortalarında isə Bakıda seçim turunun təşkil olunması nəzərdə tutulub.
Qeyd edək ki, "Sabah" FA seçim turlarını "Azərlotereya" ilə birgə keçirir. Ötən il "Azərlotereya"nın dəstəyi ilə Tərtər, Ağcabədi, Zaqatala, Ağsu, Naftalan, Bərdə, Yevlax, Goranboy və Abşeron rayonlarını əhatə edən seçimlərdə 600-ə yaxın uşaq iştirak edib.