"Filadelfiya Seventi Siksers"də çıxış edən Adem Bona milli komanda seçimini etməkdə çətinlik çəkir.

Offsideplus.az xəbər verir ki, əslən nigeriyalı olan basketbolçu aşağı yaş qruplarında Türkiyə yığmasının formasını geyinib. 22 yaşlı uzun bu barədə bunları deyib:

"Bu, mənim üçün çox vacib məsələdir. U16-dan U20-yə kimi demək olar ki, bütün aşağı yaş qruplarında Türkiyə milli komandasında oynamışam. Ona görə də Türkiyə mənim üçün çox dəyərlidir.

Həm də nigeriyalıyam. Nigeriya Milli Komandası da mənim üçün çox önəmlidir. Əslində mənim heç bir prioritetim yoxdur. Mən hər iki ölkəni bərabər şəkildə təmsil edirəm. Ancaq yayda qərar verməli olacam”.

A. Bona ötən il NBA draftında 2-ci tur 41-ci sıradan seçilib. O, cari mövsümdə 5.8 xal və 4.2 ribaund ortalaması ilə çıxış edib.