Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyeni qəbul edib.

Offsideplus.az xəbər verir ki, David Lappartye velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlməsindən məmnunluğunu ifadə edib. O, bu tədbirin mühüm beynəlxalq idman yarışı olduğunu vurğulayaraq 43 ölkədən 1500-dən artıq idmançının iştirak etdiyini bildirib. Azərbaycanda beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini deyən David Lappartye Bakıda birinci Avropa Oyunlarının açılışının gözəl təşkil olunduğunu və orada iştirakını məmnunluqla xatırlayıb.

Dövlətimizin başçısı Bakıda keçirilən velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının önəminə toxunaraq Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyeyə Azərbaycanda velosiped idman növünün inkişafına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev qeyd etdi ki, velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasına və ümumilikdə idmanın inkişafına təkan verir.

Söhbət zamanı Azərbaycanda idmanın sürətli inkişafı, ölkəmizdə müxtəlif idman növləri üzrə ən müasir infrastrukturun yaradıldığı məmnunluqla qeyd olunub, Azərbaycanda keçirilən mühüm idman tədbirlərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.