“Yetirmələrimdən razı qaldım, güclü rəqibə qarşı vuruşdular. Oyundan öncə çətinliklərimiz var idi. Heyətin əksəriyyəti zədəli idi, matça iynə-dərmanla çıxmışdı”.
Offsideplus.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov deyib.
Çalışdırıcı Avropa çempionatının əsas mərhələsində bu gün Bakıda Xorvatiyaya qarşı keçirilən oyundan (1:4) sonra fikirlərini bölüşüb.
O, yığmada tədricən inkişaf olduğunu bildirib: "Heyətin demək olar, 99 faizi dəyişib. Təkcə qapıçılar qalıb. Bu seçmə mərhələ mənim üçün təcrübə oldu. Heyətdəki dəyişikliyə baxmayaraq, tədricən inkişaf gedir. Daha yaxşı oynamaq üçün çempionatımız güclü olmalıdır. Məsələn, Xorvatiyanın çempionatı Avropada üçüncü yerdədir".
V.Borisov 10 gün öncə intizamsızlığa görə, milli komandadan qovulan kapitan Rövşən Hüseynlinin də məsələsinə toxunub: "Rövşən Hüseynli barədə danışmaq istəmirəm. Onun haqqında nə lazımdırsa, danışılıb. Bu gün xorvatlardan 4 top buraxdıq, heç bir epizodda qapıçının səhvi yox idi. Yığmada qalsam, əlbəttə, Rövşənə yenə dəvət göndərəcəyəm. Bu, mənim yox, bütün Azərbaycanın komandasıdır. Rövşən əla qapıçıdır, sadəcə, intizamsızlığa görə İsveç və Xorvatiya qarşı oyunlardan öncə düşərgədən uzaqlaşdırılıb. Əgər gələcəkdə yenə yaxşı təsir bağışlayacaqsa, milli komandaya dəvət olunacaq. Mənim onunla heç bir problemim yoxdur".
Baş məşqçinin müqaviləsinin müddəti gələn ay bitəcək. O, Azərbaycan Futzal Federasiyasının rəhbərliyi ilə görüşdükdən sonra yığmada qalıb-qalmayacağına aydınlıq gələcəyini söyləyib.