Yaxın Şərqdəki qırşıqlıqlar və siyasi böhran futbola da təsir edib.
Offsideplus.az xəbər verir ki, qitənin bir nömrəli klub turniri Asiya Çempionlar Liqasının qrup mərhələsinin startına az qalmış bəzi oyunların keçirilməmək ehtimalı var.
Bir ilə yaxındır ki, aralarında gərgiklik olan və diplomatik əlaqələri kəsən İranla Səudiyyə Ərəbistanını təmsilçilərinin eyni qrupa düşməsi vəziyyəti gərginləşdirib. 13 fevralda başlayacaq turnirin D qrupunda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə İran “İstiqlal”ı yer alıb.
Hər iki klub səfər matçına getməyəcəklərini açıqlayıb. Bu açıqlamadan sonra çıxış yolu olaraq qarşılaşmaların bitərəf meydanda keçirilməsinə qərar verilib. Çempionlar Liqasının son finalçısı “Əl-Hilal” ev oyunu üçün Küveyti, “İstiqlal” isə Qətəri seçib.
Amma Səudiyyə Ərəbistanı-Qətər münasibətləri də ən azı Səudiyyə Ərəbistanı-İran münasibətləri qədər gərgin olduğundan bu seçimə müdaxilə edilib. Belə ki, Asiya Futbol Konfederasiyası buna icazə verməyərək “İstiqlal”ın ev oyununu Omanda keçirmək barədə qərar verib. İran klubu isə bununla razılaşmayıb.
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac qərar verilən kimi Sürixə yollanaraq FIFA-ya şikayət edib. Federasiya rəhbəri ali futbol qurumunun prezidenti Canni İnfantinodan duruma müdaxilə etməyi xahiş edib. Hələlik yekun qərar verilməyib.