“Oyuna yaxşı başladıq və ardıcıl 2 top vurduq. Fasiləyə qədər azı 2-3 epizodda fərqlənə bilərdik. Birinci hissədəki çıxışdan razı qaldım".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan futzal yığmasının baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsində İsveçə qarşı oyundab sonra deyib.

Səfərdə 3:4 hesabı ilə məğlub olan komandamız qrupda axırıncı pilləyə enib. 

Baş məşqçi məğlubiyyətin səbəbini belə izah edib: "Topu itirdik və əks-hücumda yaxalandıq. İkinci hissədə isə “5-in 4-də” olan zaman müdafiə oluna bilmədik. Eyni səhvləri təkrarladıq. Bakıdakı oyunda onlar necə qol vurmuşdularsa, burada da onu təkrar etdilər. Halbuki videobaxış zamanı göstərdik, necə oynamalı olduqlarını başa saldıq, məşq prosesində də üzərində işləyirdik. Söz tapmıram deməyə... Belə deyim də, əlimizdə olan bütün futzalçıları həmin mövqelərdə yoxlamışıq və nəticə ala bilmirik. Bir az da fiziki gücümüz çatmadı. Son 10 dəqiqədə demək olar, fiziki baxımdan çatdırmadıq”.

Qeyd edək ki, milli komandamız aprelin 15-də qrup mərhələsinin son oyunu çərçivəsində Bakıda Xorvatiya ilə qüvvəsini sınayacaq.