Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Əbdüləzimova komandanın Avropa çempionatında ardıcıl məğlubiyyətləri barədə danışıb.

 Offsideplus.az xəbər verir ki, 28 yaşlı voleybolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Avropa çempionatının bizim üçün belə nəticə ilə bittiyinə çox təəssüflənirəm. Məlum səbəblərdən yığma komandamız istənilən oyunu göstərə bilmədi. Bu, elə bir vəziyyətdir ki, hər komanda üzləşə bilər. Əlbəttə ki, bu, bəhanə deyil. Sadəcə yarışın bizim üçün belə bitməsini biz özümüz də istəməzdik.
Qitə birinciliyində çıxış etdiyimiz bu günlərdə bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, məğlub olmağımıza baxmayaraq, oyunların hamısını canlı izlədiniz, bizə dəstək oldunuz. Çox istərdim ki, azarkeşlərimizi qələbələrlə sevindirək, amma olmadı. Bununla belə, əminəm ki, biz yenidən əvvəlki qalib komanda olacağıq. Ardıcıl 9 dəfə Avropa çempionatında çıxış edən millimiz yenidən əvvəlki illərdəki kimi uğurlu nəticələr üçün meydana çıxacaq.
Bir daha dəstəkləriniz üçün hamınıza çox sağ ol deyirəm. Gözəl oyunlarımızın olacağı, qələbə və uğurlu nəticələr qazanacağımız növbəti yarışlarda görüşənədək".