"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatının XI turunda "Lex" (Poznan) komandasına qarşı oyunda iştirak edə biləcək.
Offsideplus.az xəbər verir ki, "Onet.pl" nəşri 24 yaşlı hücumçunun üçüncü koronavirus testinin neqativ çıxdığı üçün belə qərar verildiyini açıqlayıb.
Daha əvvəl AFFA Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.