25 il əvvəl “Turan” Azərbaycan klubları arasında ilk dəfə ABŞ-a - turneyə yollanıb.

Hələ ki Tovuz təmsilçisindən sonra heç bir klubumuza Atlantik okeanını keçmək qismət olmayıb.

1995-ci ildə Portlendə səfər edən tovuzlular “yankilər”in ölkəsində 5 yoxlama görüşü keçirib. Kazbek Tuayevin çalışdırdığı kollektiv “Portlend Ştat”ı (2:0), “Loxu” (4:0) və “Portlend Prayd”ı (6:4) yensə də, “Rezen Tustelu”ya (3:4) yenilib. “Aloxa Yunaytet”lə görüş isə heç-heçə bitib.

ABŞ turnesində komandanın əs sərrast futbolçusu Musa Qurbanov olub. Forvard rəqib qapılarından 5 top keçirməklə yadda qalıb. “Göy-qırmızılar”ın heyətində həmin turneyə yollanan futbolçuların bəziləri ilə əlaqə saxlayıb, ABŞ səfəriylə bağlı təəssüratlarını bölüşmələrini istədik (Futbol+).

Musa Qurbanov: “Səhv etmirəmsə, ABŞ səfəri “Turan”ın o vaxtkı prezidenti Vidadi Əhmədovun Moskvadakı tanışlarından birinin xətti ilə reallaşmışdı.Çox gözəl, yaddaqalan səfər olmuşdu. 5 yoxlama görüşündən üçü böyük meydanda, ikisi isə zalda keçirilmişdi. Böyük futbolda qarşılaşdığımız komandlar həvəskarlar liqasında çıxış edirdilər. “Kolizey” adlanan idman kompleksində qarşılaşdığımız “Portlend Prayd” isə həmin il mini-futbol üzrə ABŞ çempionu olmuşdu. Hər komandanın heyətində 6 nəfər eyni anda meydanda olmalıydı. Sadəcə, bizim bildiyimiz mini-futboldan fərqli, amerikalılarda aut söhbəti yox idi. Top daim oyunda olmalıydı. Bir növ hokkeylə mini-futbolun qarışığı idi. Matçdan əvvəl meydan sahibləri uzun-uzadı qaydaları bizə başa saldılar. “Turan”da da mini-futbol oynamaq bacarığı ilə seçilən Vidadi Rzayev, İlham Məmmədov, Rüfət Quliyev kimi texnikalı oyunçular var idi. Uzun sözün qısası, onlar bizə qaydaları başa saldılar, sonda isə biz onlara futbolu. Həmin matçı 6:4 hesabı ilə udduq. Oyun başa çatandan sonra ABŞ çempionu olan komandanın rəsmiləri təkidlə ikinci dəfə qarşılaşmağımızı istəyirdilər. Bizə məğlub olmağı həzm edə bilmirdilər. Qarşılaşmadan əvvəl onlar bizə yuxarıdan aşağı baxırdılar, fikirləşirdilər ki, çox asanlıqla qalib gələcəklər. Ancaq biz ikinci oyuna razılıq vermədik. 25 il əvvəl bizdə hər şey fərqli idi. Yenicə müstəqillik qazandığımızdan ölkəmiz bu qədər inkişaf etməmişdi. Təsəvvür edin, ilk dəfə sensorlu əl-üz yuyanı mən orda görmüşəm. Deməli, bir neçə komanda yoldaşımla ayaqyoluna girmişdik. Əlimizi yumaq istədikdə krantı aça bilmirdik. Həmin an amerikalılardan biri yanımızdan ötüb sakit şəkildə əlini krantın altına tutdu və hamımızı təəccübləndirən hadisənin şahidi olduq. O heç nəyə toxunmasa da, su gəlməyə başladı. O çıxandan sonra biz də eyni hərəkəti etdik və əllərimizi yuduq. Portlend çox böyük və yaşıllığa bürünmüş şəhər idi. “Göydələnlər”, küçələrdə maşınların çoxluğu bizi əməlli-başlı heyrətləndirmişdi. Bir gün də komanda yoldaşlarımla bara getmişdik. İçəri girəndə gördük ki, çox qələbəlikdi. Demək olar ki, dayanmağa yer yox idi. İnsanların yanından keçəndə istər-istəməz kiməsə toxunmalı olurdun. Ancaq heç kim buna görə sənə hirslənmirdi. Əksinə, yerli sakinlər özləri üzr istəyirdilər. Öz-özümüzə deyirdik ki, əsl Amerika budusa, uzun illər bizə tanıtdıqları Amerika bəs hardadı? Özünüz də bilirsiz ki, SSRİ vaxtında ABŞ-ı bizə tam başqa cür tanıtdırmışdılar. İnsanları da çox mədəni idilər”.

Azad Mütəllimov: “SSRİ-nin şinelindən yenicə çıxıb müstəqillik qazanmış ölkədən dünyanın ən inkişaf etmiş dövlətinə yollanan adamın hansı hisslər keçirdiyini təsəvvür edin də. Əvvəlcə orda keçirdiymiz oyunlar barədə danışım. Həmin illərdə ABŞ-da futbol o qədər də inkişaf etməmişdi. Heç futbolun qaydalarını da düz-əməlli bilmirdilər. Oyunların birində meydan sahibləri bizə kələk gəlmək istəyirdilər. Təsəvvür edin, rəqib 6-7 futbolçu ilə hücum edir. Biz topu onlardan alan kimi həmin oyunçular o saniyə meydanı tərk edirdilər və öz qapılarına yaxın yerdən onların əvəzinə meydana 6-7 yeni futbolçu çıxırdı. İlk hissə belə davam etdi. Fasilədə komanda ilə birgə Portlendə gedən rəhmətlik Fətulla Hüseynov hakimə yaxınlaşıb etirazını bildirdi. Hakim isə “bunlar həvəskarlar liqasında oynayırlar. Onlara olar” deyib, burda qeyri-adi heç nə olmadığını dedi. Polkovnikin israrı ilə ikinci yarıda hər şey öz qaydasına düşdü və biz qalib gəldik. Marketlərdə vitrinlər göz qamaşdırırdı. Özü də ordakı qiymət siyasəti bizi çox təəccübləndirmişdi. Səhər almanın qiyməti 5 manat idisə, günorta bir qədər endirim olurdu. Axşam isə daha da ucuzlaşırdı. Bu üzdən biz də çox vaxt alış-verişə axşamlar çıxırdıq ki, öz aramızda buna “axşam bazarı” deyirdik. Mini-futbol üzrə ABŞ çempionu olan “Portlend Prayd”la matçdan sonra rəqib komandanın rəhbərliyi Vidadi Rzayev, İlham Məmmədov və qapıçımız Hüseyn Məhəmmədovdan ABŞ-da qalıb bu komanda ilə müqavilə bağlamalarını istəyirdilər. Lakin onlar təklifi qəbul etmədilər. Fərqli quruluşda böyüdüyümüzdən legioner həyatı yaşamağı az qala vətən xaini olmaqla bir tuturduq. Yuxarıda qeyd etdiyim kimi, futbol həmin vaxt orda inkişaf etməsə də, infrastruktur baxımından hər şey mükəmməl idi. Məşq etmək üçün meydanlar yan-yana düzülmüşdü, hamısı da ideal durumda. Şəhər özü də çox gözəl idi”.

Hüseyn Məhəmmədov: “ABŞ-a səfərimizi bir cümlə ilə ifadə edəcəm: möcüzələr adasına səyahət. Öncə Sietl şəhərinə uçduq, ordan isə Portlendə yollandıq. İlk gündən insanların küçədə bizə münasibətini görüb çaşıb qalmışdıq. Hamı üzümüzə gülür, tanımasalar da, salamlaşırdılar. Əvvəlcə elə başa düşdük ki, başqa ölkədən gələn futbol komandası olduğumuz üçün bizə belə münasibət göstərirlər. Ancaq sonradan məlum oldu ki, insanlar o qədər xoşbəxt və qayğısızdılar ki, üzlərindən təbəssüm əskik olmur. Portlenddə 5 oyuna çıxdıq. Səhv etmirəmsə, yalnız birində məğlub olduq. Açığı, futbolun səviyyəsi yüksək deyildi, daha çox həvəskar şəklində oynayırdılar. Bir görüş isə mini-futbol komandası ilə oldu. Həmin matçda qalib gəldik və mənə, Vidoşa və İlhama qalmağı təklif etdilər. Lakin biz razılaşmadıq. Portlenddə məni təəccübləndirən çox şey gördüm. Bir dəfə uşaqlarla böyük marketlərdən birinə girdik. Qabaqda mən gedirdim və içəri daxil olanda gördüm ki, ortada böyük buz meydançası var. O dəqiqə geri dönüb üzümü uşaqlara tutaraq “səhv gəlmişik, deyəsən, marketə giriş başqa tərəfdəndi” söyləyib, çölə çıxmaq istədim. Ancaq biranlıq başımı yana çevirəndə gördüm ki, qapıların ağzında kassalar var və insanlar aldıqları malların pulunu ödəyirlər. Bu məni şübhələndirdi. Ayaq saxlayıb bir neçə dəqiqə ətrafı seyr etdik. Məlum oldu ki, supermarketə düz girmişik. Sadəcə, marketin ortasında geniş buz meydançası da qoyublar ki, alış-verişlə yanaşı, insanlar istirahət də edə bilsinlər. Mən yazıq bunu hardan bilim, bizdə olmayıb axı. Ona görə də çaşmışdım. Daha bir marqlı əhvalat da danışmaq istəyirəm. Hava limanından şəhərə gələndə bir “Cip” markalı maşın hər dəfə bizim avtobusun yanından keçəndə maşının içindəkilər bizə baxıb gülürdülər. Şəhərə çatınca bu bir neçə dəfə təkrarlandı. Əvvəlcə elə başa düşdük ki, futbol azarkeşləridi, şəhərə xarici komanda gəldiyini bilib, özlərini bizə göstərirlər. Ancaq vaxt ötdükcə hiss etdik ki, onlar bizimlə yumşaq desək, “mırt tuturlar”. Hamımız qeyri-müəyyənlik içindəydik, onların niyə belə etdiklərini özlüyümüzdə müəyyənləşdirməyə çalışırdıq. Qaldığımız otelə çatanda məlum oldu ki, bizi gətirən avtobus məktəbə uşaq aparan nəqliyyat vasitəsidi. Klub rəhbərliyi az pul xərcləmək üçün bu addımı atmışdı. “Cip”dəkilər də baxıb görüblər ki, 9-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan avtobusda təxminən 30-a yaxın bığlı-saqqalı kişilər oturub yol gedirlər. Onları güldürən də bu məqam imiş”.(sportinfo.az)