AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının ev oyunlarını keçirmək üçün yeni stadion tikiləcək.
Offsideplus.az-ın Xorvatiya Futbol İttifaqının (NHS) rəsmi saytına istinadən məlumatına görə, bu barədə qurumun prezidenti Davor Şuker açıqlama verib. 51 yaşlı funksioner rəhbərlik etdiyi təşkilatın Baş Assamleyasında bildirib ki, yeni arenanın inşası paytaxt Zaqrebin qərbindəki Blato rayonunda nəzərdə tutulub. O, stadionun tikintisi üçün FIFA və UEFA-dan da vəsait ala biləcəklərini vurğulayıb: "Stadion yaxın 2-3 il ərzində tikiləcək. Təəssüf ki, bu il Avropa çempionatının seçmə mərhələsindəki səfər oyunlarımızı Budapeşt, Bratislava, Bakı və Kardiffdəki yeni və gözəl stadionlarda keçirəcəyi halda, dünya vitse-çempionlarının öz ölkəsində arenası yoxdur".
Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç isə Azərbaycan millisinə rəhbərlik edən həmyerlisi Nikola Yurçeviçlə söhbəti ilə bağlı təəssüratlarını bölüşüb: “Yurçeviç mənə dedi ki, Azərbaycanda böyük Bakı Olimpiya Stadionundan başqa, fantastik təlim-məşq bazası var. Hamı işləyir, investisiya qoyur, baza və stadionlar tikir. Xorvatiyanın ən azı bir belə infrastruktura sahib olacağını düşünün”.
Qeyd edək ki, Xorvatiya yığması AVRO-2020-nin I turunda Azərbaycan millisini Zaqrebdəki “Maksimir” stadionunda qəbul edib. Sonuncu dünya çempionatının finalçılarının ev oyunlarını keçirdiyi arena 1912-ci ildə istifadəyə verilib. 1997-ci ildə stadionun tutumu artırılıb. Hazırda idman qurğusu 35 min 123 azarkeş qəbul edə bilir. (report)