“Futbolçularımdan narazılığım yoxdur”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində KuPS-a qarşı keçirdikləri ilk oyun haqqında fikirlərini bölüşüb:
"Sabah" ailəsini qələbə münasibətilə təbrik edirəm.
Əlbəttə ki, bu, möhtəşəm duyğudur. Biz isə bir qədər məyusuq. Çünki çoxlu qol imkanları yaratsaq da, onları qola çevirə bilmədik.
Birinci hissədə xeyli qol epizodu yaratdıq. İkinci hissədə isə rəqib daha az risk etdi və daha ehtiyatlı oynadı.
İndi bu məyusluğu geridə qoymalı və hazırlıqlara başlamalıyıq. Bizi çətin səfər oyunu gözləyir. Rəqibi yaxşı tanıyırıq, üstəlik, süni örtüklü meydançada oynayırlar. Ümid edirəm ki, cavab görüşündə yaratdığımız qol fürsətlərindən maksimum yararlanacağıq”.
Qeyd edək ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər. Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək.


