Əlverişsiz hava şəraitinə görə problemlə üzləşən kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası hələ də Bakıya qayıda blməyib.

Bu barədə Offsideplus.az saytına Azərbyan Basketbol Federasiyasının mətbuat katibi  Sənan Əliyev məlumat verib.

Onun sözlərinə görə, yığmamız bu gün vətənə dönəcək: "Basketbolçularımızın axşam saatlarında Bakıya enəcəyi gözlənilir. Bu səbəbdən İrlandiya oyuna hazırlıq məqsədilə bu günə nəzərdə tutulan məşq ləğv olunub. Çox güman ki, milli komandamız sabah səhər məşq edəcək".

Xatırladaq ki, fevralın 20-də dünya çempionatının ilkin təsnifat mərhələsində səfərdə Kosovoya qarşı mübarizə aparan yığmamız Bakıya qayıtmaqda çətinlik çəkib. Priştina-İstanbul və İstanbul-Bakı reysləri ilə səfər proqramını yekunlaşdırmağı planlaşdıran komandamıza güclü qar səbəbindən bir çox reyslərin təxirə salınması əngəl yaradıb. Məcburiyyət qarşısında qalan basketbolçularımız avtobusla Priştinadan Serbiyanın paytaxtı Belqrada yollanıblar. Belqraddan Türkiyə paytaxtı Ankaraya uçan yığmamız qardaş ölkədən təyyarrə ilə Bakıya qayıdır.

Onu da əlavə edək ki, milli komandamız sabah dünya çempionatının təsnifat mərhələsində Bakı İdman Sarayında İrlandiyanı sınağa çəkəcək.