Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub.

Offsideplus.az xəbər verir ki, yarışın 15-ci turunun ilk görüşü RİOEUGİM ilə “İdman Akademiyası” arasında keçirilib.

Matçın favoriti sayılan “İdman Akademiyası” 41:26 hesablı qələbə qazanıb.

“AHF Arena”dakı “Bakı” - “Məhsul” qarşılaşmasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, həndbol federasiyanın prezidenti Saleh Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, həmçinin, nazir müavini Mariana Vasileva izləyiblər. Gərgin alınan görüşdə “Məhsul” 34:26 hesablı qələbəyə sevinib.

Çempionluq tituluna yaxın olan “İdman Akademiyası” bu nəticələrdən sonra 30 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 3 oyun az keçirən “Təhsil” və “Dinamo” klubları müvafiq olaraq 21 və 18 xal toplayaraq, 2-3-cü yerlərdə qərarlaşıblar. Aktivində 17 xal olan “Məhsul” 4-cüdür. “Bakı”nın aktivində isə cəmi 1 xal var.