İspaniyanın “Levante” klubunda çıxış edən Azərbaycan yığmasının futzalçısı Kardoso Everto federasiyanın rəsmi saytına müsahibə verib.
Offsideplus.az həmin müsahibəni təqdim edir...
- İspaniya çempionatında vəziyyət necədir: Mövcud pandemiya dünyanın ən maraqlı liqarından birinə necə təsir edib?
- Təbii ki, koronavirusla bağlı orada da problemlər oldu. Dünyanı ağuşuna alan pandemiya nəticəsində bir müddət çempionat dayandırıldı, idman zalları bağlandı. Həmin vaxtlarda videoməşqlər edirdik. Baş məşqçi konkret saat təyin etmişdi, biz də həmin vaxt kompüter vasitəsilə məşqə qoşulur, verilən tapşırıqları evdə edirdik. Əlbəttə, çətin idi. Ondan sonra zallar açıldı və uyğunlaşmaq asan olmadı. Hazırda gün ərzində bir dəfə zalda məşq etməyə icazə verilir. Çempionat isə davam edir. Hər oyundan əvvəl COVİD-19-la bağlı test götürülür. Maskadan istifadə edirik. Qarşılaşmalar azarkeşlər üçün qapalıdır. Digər şəhərlərə uçuşlarla bağlı problem yoxdur.
- “Levante” ikinci pillədə yer alıb. Demək olarmı ki, pandemiya komandanızın işinə yarayıb?
- Yaxşı hazırlaşmışıq və komandamız tarixinin ən yaxşı nəticələrini qazanır. Ardıcıl 7 qələbə qazanmışıq, turnir cədvəlində ikinci pillədə qərarlaşmışıq. Fikrimcə, İspaniya çempionatı dünyanın ən güclü yarışıdır. Biz də güclü komanda olduğumuzu nəticələrimizlə sübut edirik.
- Bəs bu pillədə sona qədər qərar tuta biləcəksiniz?
- Demək olar, bütün oyunlarda meydana çıxıram. Yaxşı şansımız, əla kollektivimiz var. Qeyd etdiyim kimi, hazırlığımız da yüksək səviyyədə oldu. İstəyimiz yarımfinala və finala vəsiqə qazanmaqdır. İnanıram ki, bu imkanı əldən verməyəcəyik.
- Artıq 3 gündür Bakıdasanız və bu dəfə Joze Alesionun rəhbərliyi altında hazırlıq keçirsiniz. Yanvarın 29-da Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə qarşılaşacaqsınız. Millinin Slovakiya ilə oyuna hazırlığı haqqında nə deyə bilərsiniz?
- Məncə, hazırıq. Başa düşürəm, Alesionun istədiklərini tam həyata keçirmək üçün etdiyimiz məşqlərin sayı azdır. Ancaq baş məşqçini yaxşı tanıyırıq, əvvəlki illərdə də onun rəhbərliyi altında məşqlərdə olmuşuq, oyunlarda iştirak etmişik. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq ki, nəticə də istədiyimiz kimi olsun.
- Siz, Rafael Vilela İspaniya çempionatında mütəmadi oynayırsınız. Amma “Araz”ın üzvləri AEK-lə görüş istina olmaqla, son 11 ayda oyun keçirməyib. Fərq hiss olunur?
- Futzalçı üçün oyun keçirmək mütləq şərtdir. Bir rəsmi qarşılaşma 5-6 məşqdən üstündür. Əlbəttə, oyun keçirməmələri yaxşı hal deyil. Bu, təkcə onların başına gəlməyib, mövcud vəziyyətlə əlaqəlidir. Ancaq hər bir oyunçunun komandaya kömək edəcəyinə əminəm.
- Son 3 ildə Slovakiyaya qarşı 2 oyunda iştirak etmisiniz və son dueldə heç-heçə qeydə alınıb. Onları Bakı İdman Sarayında növbəti dəfə məğlub etmək mümkün olacaqmı?
- Yaxşı rəqibdir, hətta onların yoldaşlıq oyunu keçirmək imkanımız oldu. Amma doğma meydanda oynayırıqsa, kimliyindən asılı olmayaraq, qələbə qazanmalıyıq. Başqa nəticə bizi qane etməyəcək. Həm də yaxşı nəticə ilə start verməliyik ki, ardı da uğurlu olsun.
- Millinin yer aldığı qrupla bağlı düşüncələriniz necədir?
- Bizim bir məqsədimiz var: yarışı ilk pillədə başa vurmaq. Rəqiblərimizə hörmət edirik, amma qarşıya qoyulan hədəfi də gerçəkləşdirməliyik.