Fevralın 29-da Avstriyanın paytaxtı Vyanada Avropa Voleybol Konfederasiyasının (CEV) növbədənkənar Baş Assambleyası baş tutub.
Offsideplus.az xəbər verir ki, 53 yerli federasiyanın qatıldığı yığıncaqda Azərbaycan Voleybol Federasiyasının (CEV) rəsmisi də iştirak edib.
Baş Assambleyada ölkəmiz AVF-nın baş katibi Cəlil Cəfərovla təmsil olunub. Tədbirdə bir sıra mövzular barədə fikir mübadiləsi aparılıb, vacib qərarlar qəbul edilib.
CEV uzun müddətdir media hüquqları üzrə əməkdaşlıq etdiyi “İnfront” ilə müqavilə də imzalayıb. CEV prezidenti Aleksandar Boriçiç və “İnfront”un rəhbəri Filip Blatterin imza atdığı anlaşma 2020-2032-ci illəri əhatə edəcək.
Müqaviləyə əsasən hər iki tərəf bunun faydalı olacağına inam ifadə ediblər. Bildirilib ki, bu anlaşma Avropa Voleybol Konfederasiyasına (voleybol və çimərlik voleybolu, qar voleybolu) böyük töhfələr verəcək.