Keçmiş NBA oyunçusu və 2003-cü il NBA dreftində "Nyu-York Niks" tərəfindən 9-cu seçim olan Maykl Svitni 43 yaşında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı İndia sosial şəbəkədə məlumat yayıb. "Ağır ürəklə sevimli Mayklımızın vəfatını elan edirik. Maykı tanıyan hər kəs onu sevirdi. O, ailəsini hər şeydən çox sevirdi və övladları onun həyatının işığı idi. Hər gün onların xoşbəxtliyi üçün yaşayırdı. O, 30 ildir ən yaxın dostum, 20 ilə yaxındır həyat yoldaşım idi. Onsuz nə edəcəyimizi bilmirik", – deyə o bildirib.

Svitni 2003-cü ildə "Nyu-York Niks" tərəfindən seçilib və bu komandanın heyətində 119 əsas mərhələ, 4 pley-off oyununda iştirak edib. Ən yaxşı çıxışını 2004/2005 mövsümündə göstərib – orta hesabla 8,4 xal və 5,4 ribaund. Daha sonra "Çikaqo Bulls"a transfer olunub və burada iki mövsüm çıxış edib. Karyerasını Çində və Puerto-Rikoda davam etdirib.

Karyerası boyu çəki problemləri ilə mübarizə aparan Svitni, NCAA-da "Corctaun" universitetinin heyətində üç il çıxış edib və son mövsümündə orta hesabla 23 xal toplayıb, ilin ən yaxşı oyunçusu mükafatına namizəd olub.

Onun ölüm səbəbi hələ açıqlanmayıb.