Avropa basketbolunun gələcəyi ilə bağlı NBA və EuroLeague arasında danışıqlar davam edir. Tərəflər Avropa basketbolu üçün ən yaxşı həll yolunu tapmağa çalışır.

Offsideplus.az xəbər verir ki, EuroLeague-in baş icraçı direktoru Çus Bueno bildirib ki, hələlik NBA-dan əməkdaşlığın necə olacağı barədə heç bir rəsmi təklif daxil olmayıb. O qeyd edib ki, tərəflər arasında məxfi saziş imzalanıb və hər iki qurum ortaq qərara gəlməyincə, heç bir açıqlama verilməyəcək.

"Bu günə qədər NBA-dan mümkün tərəfdaşlıq və ya əməkdaşlığın necə olacağı barədə heç bir sənəd almamışıq. Həmçinin, məxfi sazişimiz var və hər hansı sənəd paylaşsaq belə, yalnız hər iki tərəf razılaşdıqdan sonra açıqlama verəcəyik," – deyə Bueno vurğulayıb.

O əlavə edib ki, əgər NBA-dan konkret təklif olarsa, bu məsələ diqqətlə araşdırılacaq və lazım gəldikdə EuroLeague-in sahiblərinə təqdim olunacaq. Bueno bildirib ki, ümumilikdə, EuroLeague basketbolun inkişafı üçün NBA və digər müvafiq qurumlarla əməkdaşlığa açıqdır.

Çus Bueno qeyd edib ki, hər iki tərəf dəfələrlə ictimai şəkildə əməkdaşlığın Avropa basketbolunun inkişafı üçün ən yaxşı yol olduğunu vurğulayıb və birgə fəaliyyətin bazarın parçalanmasındansa, daha çox dəyər yaradacağına inanır.