Avropanın basketbol idarəçiliyində uzun illər rəhbər vəzifədə çalışmış Jordi Bertomeu NBA-nın Avropada yeni liqa yaratmaq planları və bu layihənin maliyyə dəyərləndirilməsi barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Bertomeu Avropa Basketbol Məsləhət Qrupunun tədbirində çıxış edərkən NBA-nın Avropa üçün nəzərdə tutduğu 500 milyon dollardan 1 milyard dollara qədər olan françayz haqqının Avropa basketbolunun real vəziyyətinə uyğun gəlmədiyini bildirib. Onun sözlərinə görə, belə yüksək qiymətləndirmə mövcud klubların sahiblərinin əksəriyyətinin dəyişməsi və yeni investorların gəlməsi ilə nəticələnə bilər: "Aydındır ki, hazırkı klubların bu məbləği ödəmək imkanı yoxdur. Futbol klublarının isə basketbol bölmələrinə bu qədər sərmayə qoymağa hazır olub-olmadığı sual altındadır. Əgər bu investisiyanın yalnız uzunmüddətli dövrdə gəlir gətirəcəyi düşünülürsə, idman sahəsinin daim dəyişən və proqnozlaşdırılması çətin bir sahə olduğunu da nəzərə almaq lazımdır".
Bertomeu həmçinin Avropada basketbolun ənənəvi bazarlardan kənara çıxmasının vacibliyini vurğulayıb. O, "EuroLeague"in əvvəllər Londonda komanda saxladığını, Türkiyənin və "Bayern Munich"in liqaya qoşulmasının basketbolun inkişafına böyük töhfə verdiyini qeyd edib. Bertomeu Böyük Britaniyada və Skandinaviya ölkələrində basketbolun populyarlığının aşağı olduğunu, bu bazarlarda uğur qazanmaq üçün xüsusi strategiya və uzunmüddətli plan tələb olunduğunu bildirib. Onun fikrincə, idmanda güclü brendlərin iştirakı basketbolun inkişafına ciddi təkan verir.


