Avropanın ən tanınmış basketbol mütəxəssislərindən biri olan Ettore Messina yenidən NBA-də fəaliyyət göstərəcək.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis bu dəfə "Atlanta Houks" klubunda məsləhətçi kimi çalışacaq.
Messina daha əvvəl "Los Anceles Leykers"də məsləhətçi, "San Antonio Spurs"də isə köməkçi məşqçi olub. O, "Atlanta Houks"un hazırkı baş məşqçisi Kvin Snayderlə yenidən bir araya gələcək. Qeyd edək ki, Snayder vaxtilə Messinanın rəhbərliyi altında ÇSKA-da (Moskva) köməkçi məşqçi kimi çalışıb.
Messina bu yay "Olimpiya Milano" klubundan ayrılıb. O, qarşıdakı mövsümdə vaxtını həm "Atlanta Houks"da məsləhətçi kimi, həm də İtaliya televiziyasında basketbol şərhçisi kimi bölüşdürəcək.
66 yaşlı mütəxəssis Avropa basketbolunda əfsanə hesab olunur. Messina dörd dəfə Avroliqa çempionu olub, 2021-ci ildə isə "Olimpiya Milano"nu "Final Four"a daşıyıb. O, həmçinin yeddi dəfə İtaliya çempionluğunu qazanıb.


