Klay Tompsonun karyerasını "Mayami Hit"də davam etdirəcəyi və Yannis Antetokounmpo ilə Bam Adebayo ilə eyni heyətdə çıxış edəcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı müdafiəçi "Dallas Maveriks"lə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozub və son mövsümdə alacağı 17,5 milyon dollardan imtina edib. O, transfer siyahısından keçdikdən sonra "Mayami" ilə rəsmi müqavilə bağlayacaq.
Tompson "Dallas"da iki mövsüm çıxış edib, orta hesabla 12,9 xal toplayıb və üçxallıq atışlarda 38,7 faiz dəqiqlik göstərib. O, ötən mövsüm Damian Lillardı geridə qoyaraq NBA tarixində ən çox üçxallıq atan oyunçular siyahısında dördüncü pilləyə yüksəlib.
Onun gəlişi "Mayami Hit"in Antetokounmpo və Adebayo ətrafında qurulan heyətinə kənardan atışlarda ciddi güc qatacaq.
Qeyd edək ki, Tompson 2024-cü ildə "Dallas"a qoşulmazdan əvvəl 13 mövsüm "Qolden Steyt Uorriors"da çıxış edib, dörd dəfə NBA çempionu olub və beş dəfə Ulduzlar oyununa seçilib.


