Dok Rivers basketbol Şöhrət Zalına yeni üzv seçildikdən sonra məşqçilərin bu ada çox gec layiq görüldüyünü bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis çıxışında məşqçilərin karyerasının zirvəsində bu cür təltiflərin daha tez verilməsinin vacibliyini vurğulayıb: "Məncə, Corc Karl Şöhrət Zalına daxil olmaq üçün beş il daha tez layiq idi. Bu məni narahat edirdi. Universitet məşqçiləri karyeralarının ən yaxşı dövründə bu ada sahib ola bilirlər. Düşünürəm ki, məşqçilərin adının yanında 'Şöhrət Zalının üzvü' ifadəsi onların karyerasına müsbət təsir edə bilər və daha uzun müddət işləmələrinə imkan verərdi. Arzulayıram ki, bu təcrübəyə daha tez-tez rast gələk. Stiv Kerr mütləq Şöhrət Zalında olmalıdır. Niyə hələ də orada deyil? Bunun üçün obyektiv səbəb yoxdur. İstərdim ki, bu yanaşmanı dəyişək", – deyə "Miluoki Baks"ın sabiq baş məşqçisi bildirib. Qeyd edək ki, bu gün Dok Riverslə yanaşı, Mayk D’Antoni və Mark Fyü də Şöhrət Zalına daxil olublar.


