"Panatinaikos" klubunun sahibi Dimitris Yannakopulos ən böyük transfer arzusunun "Denver Naggets"in mərkəz oyunçusu Nikola Yokiçi heyətə qatmaq olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Yannakopulos bu barədə "Euro Insiders" podkastında danışıb. O qeyd edib ki, Yokiç onun üçün dünyanın ən yaxşı oyunçusudur və gələn il onu transfer etmək niyyətindədir: "Bir oyunçu var ki, hələ də mənim arzum olaraq qalır. Hələ onu transfer etməmişəm, amma gələn il heyətimizə qatacağam. Bu, Yokiçdir, dünyanın ən yaxşı oyunçusudur. Zarafat etməyin. Əgər Yokiçi transfer etməsəm, heç yerə getməyəcəyəm".

Klub sahibi əlavə edib ki, bu il həm Yokiçə, həm də "Denver Naggets"ə ciddi təklif göndərib, lakin rədd cavabı alıb: "Bu il çox ciddi bir təklif etdim – həm onun komandasına, həm də özünə. Cavab isə mənfi oldu. Onun müqaviləsinin son ili idi və onu almağa çalışdım. Onlar bir neçə saniyə ərzində ‘Kim? Yunanıstan? Harada? Nə? Sağ olun’ deyə cavab verdilər. Gəlin, gələn ilə qədər gözləyək".

Qeyd edək ki, Nikola Yokiç gələn yay NBA tarixinin ən böyük müqaviləsini imzalaya bilər.