Lukas Qrabauskas "Sabah" basketbol klubunun yeni idman direktoru təyin edilib.

Offsideplus.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idman menecmenti və skautinq sahəsində zəngin təcrübəyə malik olan mütəxəssisin son iş yeri Litvanın "Lietkabelis" klubu olub.

Basketbol sahəsində 15 ildən artıq təcrübəsi olan Qrabauskas son səkkiz ili məhz "Lietkabelis"də keçirib. Onun dövründə Litva təmsilçisi FIBA Çempionlar Liqası və "EuroCup" kimi mötəbər turnirlərdə müntəzəm mübarizə aparıb. Karyerasının ilk illərində NBA və Avroliqa klublarında da təcrübə qazanan litvalı mütəxəssis yeni təyinatı barədə danışıb:

"Sabah" kimi iddialı bir kluba gəldiyim üçün çox həyəcanlıyam. Klubun vizyonuna və hədəflərinə inanıram. Komandanın davamlı inkişafı və uğurları üçün əlimdən gələni edəcəyəm. Birlikdə azarkeşlərimizi sevindirəcək rəqabətədavamlı bir komanda formalaşdırmağa çalışacağıq".