“Mənim üçün ən yaddaqalan yarış iki il öncə Bakıda olub”.
Offsideplus.az xəbər verir ki, bunu “Formula 1” üzrə dünya çempionatında iştirak edən Kanadanın “Racing Point” komandasının pilotu Lens Stroll Çin Qran-prisi ərəfəsində təşkil edilən mətbuat konfransında deyib.
İki il öncə Böyük Britaniyanın “Williams” komandasının heyətində Bakıda 3-cü yeri tutan 21 yaşlı kanadalı sürücü həmin yarışın dramatik alındığını bildirib: “Azərbaycan Qran-prisi dramatik alındı və azarkeşlərin xoşuna gəldiyini düşünürəm. Şübhəsiz ki, bu mərhələ mənim “Formula 1”də ən parlaq çıxışlarımdan biri kimi əlamətdar olub”.
Qeyd edək ki, 2017-ci il Azərbaycan Qran-prisinin qalibi Avstriyanın “Red Bull” komandasının pilotu Daniel Rikkardo olub. Cari mövsümdə Çin Qran-prisi 12 - 14 apreldə, Bakıdakı yarış isə 26 - 28 apreldə olacaq. Stroll ilk 2 mərhələdən sonra 2 xalla 12-ci yerdədir. Lider - Almaniya “Mercedes”inin pilotu Valtteri Bottasın 44 xalı var.