UEFA növbəti mövsümdən etibarən Çempionlar Liqasında qayda dəyişikliyi edəcək.
Offsideplus.az xəbər verir ki, cari mövsüm ÇL-də 36 komandanın mübarizə apardığı liqa mərhələsi baş tutdu. Bu mərhələdə ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala vəsiqə qazandı, digər 16 komanda isə pley-offda üz-üzə gəldi.
Hazırkı qaydalara əsasən, liqanı ilk 8 yerdə bitirmiş komandalar 1/8 finalda cavab oyunlarını evdə keçirəcəklər. Bu qayda 1/4 final və ya yarımfinallara aid edilmədiyindən və "Arsenal"ın cavab matçını səfərdə keçirməsi səbəbindən UEFA tənqidlərlə üzləşib. Belə ki, "topçular" liqanı 3-cü, "Kral klubu" isə 11-ci yerdə başa vurub.
"Daily Mail" nəşrinin yaydığı məlumata görə, Avropa futbol qurumunda artıq danışıqlar başlayıb və qurum düşünür ki, yalnız 1/8 finalda cavab matçını evdə oynamaq liqada yaxşı yer tutmuş komandalar üçün yaxşı "hədiyyə" deyil.
Qeyd edək ki, "Arsenal" Çempionlar Liqasının 1/4 finalı üzrə ilk oyunda "Real"ı 3:0 hesabı ilə məğlub edib.