"Bu seçmə mərhələ bizə böyük təcrübə verdi. Heyətdə 3-4 futzalçıdan savayı, qalan hamısı cavanlardır. Bizə beynəlxalq oyunlarda məhz təcrübə çatmadı".

Offsideplus.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının üzvü Oktay Rüstəmli deyib.

O bildirib ki, Avropa çempionatının əsas mərhələsində qrupda 4 qələbə qazanmaq mümkün imiş: "Xorvatiya yığması ilə oyunda da məhz təcrübəsizlik ucbatından uduzduq. Rəqibin heyətində xarici çempionatlarda oynayan futzalçılar var idi. Üstəlik, Xorvatiyanın öz çempionatı da çox güclüdür. Buna baxmayaraq, xorvatlarla qarşılaşmanın ikinci hissə 1:1 hesabı ilə başa çatdı. Bu onu göstərir ki, istənilən rəqiblə mübarizə aparmaq olar. Seçmə mərhələdə İsveç və Yunanıstanı həm ev, həm də səfər matçlarında məğlub edərək, 12 xal toplaya bilərdik. Ancaq yenə deyirəm, futzalçılarımız, o cümlədən mən tədricən təcrübə yığırıq. İnşallah, növbəti seçmə mərhələlərdə uğurlu çıxış edərik".

Qeyd edək ki, yığmamız dünən Avropa çempionatının əsas mərhələsinin son turunda Bakıda Xorvatiyaya 1:4 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu Oktay Rüstəmli vurub.