"Zirə" Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxacaq. "Qartallar" Moldova "Şerif"inin qonağı olacaq. Matç 21:00-da start götürəcək.

Qəsəbə təmsilçisinin əvəzedici komandasının baş məşqşçisi Zaur Həşimov Offsideplus.az-a açıqlamasında qarşılaşmanın çətin olacağını dedi:

"Bizi bu gün olduqca gərgin və çətin oyun gözləyir. "Şerif" ciddi rəqibdir. Onlar ölkələrində yalnız çempionluq uğrunda mübarizə aparır. Son mövsümə nəzər salsaq, görərik ki, qızıl medalları qazanmağa çox yaxın idilər. Hətta onu da qeyd etmək yerinə düşər ki, adıçəkilən komanda Çempionlar Liqasının qrup mərhələsində də çıxış edib. Heyətlərində yaxşı legioner futbolçular var. Buna baxmayaraq, "Şerif" dişimizə görə rəqibdir. "Zirə" son mövsümü yaxşı keçirdi. Çempionatın ən az qol buraxan komandası oldu. Ümid edirəm ki, mərhələni keçən bizim komanda olacaq".

Mütəxəssis ilk oyunun səfərdə olmasını üstünlük hesab edir:

"Birinci matçın rəqib meydanında olması yaxşı haldır. Səfərdə vacib məqam qapımızı toxunulmaz saxlamaqdır. İstənilən halda hücumda qol epizodlarımız olacaq. Onlardan istifadə edib, Bakıya qələbə ilə dönə bilərik".