"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq "Vorskla"ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı forvard məqsədlərinin kuboku qazanmaqdan ibarət olduğunu bildirib: “İlk hissədə və ikinci hissənin əvvəllərində yaxşı oynayıb dörd qol vura bildik. Lakin məqsədlərimizə çatmaq üçün inkişaf etdirməli olduğumuz məqamlar var. Son dəqiqələrdə etdiyimiz bəzi səhvlərə görə qollar buraxdıq. Əlbəttə, biz Avropa Liqasını qazanmaq istəyirik. Bu turnir mənim üçün xüsusidir. Çünki keçən il Avroliqada oynaya bilməmişdim. Yenidən bu yarışa qayıtdığım üçün özümü xoşbəxt hiss edirəm. Finala qədər irəliləyib kuboku qazanmaq istəyirik. Ümid edirəm ki, növbəti oyunlarda da yaxşı performans sərgiləyəcəyik”.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq "Borussiya"da çıxış etdiyi vaxt "Qəbələ"nin qapısına Bakıda 3 (1:3), Dortmundda 1 qol (4:0) vurub. Bu mövsüm Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. "Arsenal" növbəti oyununu oktyabrın 4-də məhz bu arenada "Qarabağ"a qarşı keçirəcək.