Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ikinci tur matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Fransanın "Nant" komandası ilə baş tutacaq matçın biletləri sentyabrın 11-dən etibarən satışlara çıxarılıb. Biletlər "iticket.az" saytı vasitəsilə satışa çıxarılandan bir neçə dəqiqə sonra problemlər yaşansa da, sonradan adıçəkilən portal qaydası üzrə çalışmağa davam edib.
Oxşar vəziyyət Ağdam təmsilçisinin avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsi üzrə "Viktoriya" ilə oyununda da yaranmışdı. Belə ki, biletlə bağlı kütləvi narazılıqlar ortaya çıxmış, oyundan əvvəl və sonra "qara bazar"da baha qiymətə bilet satmağa çalışan şəxslər DİN tərəfindən saxlanılmışdı.
Durumun təkrarlanmaması barədə Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. Qurum rəsmisi saytımızın sorğusuna cavab olaraq məsələ ilə bağlı araşdırma aparıldığını bildirdi: "Daxil olan məlumatlar araşdırılır. Zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".
Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də baş tutacaq.