UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" səfərdə "Frayburq" komandasına 2:1 hesabıyla məğlub olub.

Offsideplus.az xəbər verir ki, tanınmış futbol mütəxəssisi Yunis Hüseynov Ağdam təmsilçisinin oyununu dəyərləndirib:

“Dünənki oyunda “Qarabağ” yaxşı oynadı, düşünürəm ki, matç heç-heçə ilə bitsəydi, ədalətli olardı. Ağdam komandası bir xala layiq idi. İlk 25 dəqiqədə yaxşı təsir bağışlamadılar. Məncə, buna atmosfer, rəqibin Bundesliqada lider olması kimi amillər təsir etdi. Lakin 25 dəqiqədən sonra “Qarabağ” oyunu ələ ala bildi, ikinci hissədə isə “Frayburq”la mübarizə aparmağı bacardı. Qol vurub hesaba tarazlıq gətirə də bilərdilər, bunun üçün imkanları vardı”.

57 yaşlı mütəxəssis "Qarabağ"ın "Olimpiakos" və "Nant"la oyunlarda xalsız qalmayacağını, sonda qrupda ikinci yerdə qərarlaşacağını söyləyib:

“Olimpiakos” bu mövsüm səs-küylü transferlər etmişdi. Həmçinin “Nant” komandası dünənki oyunda qalib gəldi, lakin öz çempionatlarında yaxşı nəticə göstərmirlər. Məncə, “Qarabağ” həm “Nant”, həm də “Olimpiakos”la oyunlarda xalsız qalmayacaq. Qrup mərhələsində “Qarabağ”ın ikinci yerdə qərarlaşacağını düşünürəm".

Y.Hüseynov "köhlən atlar"a ən azı bir hücumçu transferinin edilməsi gərəkdiyini bildirib:

“Qarabağ” transfersiz də Avroliqanın qrup mərhələsinə gəlib düşməyi bacarıb. Eyni futbolçuları ilə ÇL-nin qrupuna da düşə bilərdi. Əfsuslar olsun ki, “Qarabağ” “Viktoriya” ilə oyununda şanssızlıqla üzləşdi və mərhələ adlaya bilmədi. Ağdam klubu hazırda hücumçuya ehtiyacı olsa da, məncə, komandanın vəziyyəti o qədər də pis deyil. Bir hücumçu transfer olsaydı, daha yaxşı olardı. Lakin indiki heyətin təcrübəsi az deyil, bir-birlərini kifayət qədər başa düşə bilirlər".

Qeyd edək ki, "Qarabağ"ın AL-də növbəti oyunu Bakıda "Nant" komandasına qarşı olacaq. Matç sentyabrın 15-də saat 20:30-da baş tutacaq.