UEFA Avropa Liqasının III mərhələsində Finlandiyanın HİK komandası sabah "Neftçi" ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında Helsinki təmsilçisinin baş məşçisi Toni Koskela fikirlərini bölüşüb.
"Qonaq meydanında oynayanda hər zaman çətin olur. Azərbaycan çempionuna qarşı oynayacağımızı nəzərə alsaq, işimiz daha çətindir. Digər tərəfdən, rəqib bu hava şəraitinə öyrəşib. Ötən həftə 2 oyunumuz var idi. Həmin matçlardan sonra məşqçi heyəti sırf "Neftçi" barədə məlumat topladı. Rəqibin aparıcı oyunçularını tanıyır, zəif və güclü tərəflərini yaxşı bilirik".
Gənc baş məşqçi Azərbaycan klublarının avrokuboklarda Finlandiya təmsilçiləri üzərində üstünlüyünün onu narahat etmədiyini söyləyib: "Azərbaycan klublarının resursları bizdən daha yaxşıdır. Bura yaxşı oynayıb, sərfəli nəticə qazanmaq üçün gəlmişik".
Koskela komandadakı qapıçılara qarşı ayrı-seçkilik etmədiyini söyləyib: "Qapıçılarımız hər iki cəbhədə oynayıblar. Sabah da onlardan biri meydanda olacaq".
Mütəxəssis "Neftçi"nin topla daha yaxşı oynadığını vurğulayıb: "Biz fiziki olaraq, çox yaxşı komandayıq. Əks-hücumlarda daha inamlı çıxış edirik. Komandamızı hər hansı oyuna hazırlayanda rəqibin zəif tərəflərini analiz edirik. Öz hücumçularımıza bu barədə məlumat vermişik. "Neftçi" isə topla daha yaxşı rəftar edir. Ən yaxşı oyunçuları Sezar Meza Kolli, Sabir Buqrin və Emin Mahmudovdur. Əsas oyunu onların üzərində qururlar".
Qeyd edək ki, "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq (Report).