"Geridə qalan mövsüm Çempionlar Liqası və Avropa Liqasında hər iki finalçının ingilis klubu olması tamamilə təsadüfdü. Bunun gələn il də baş verəcəyini düşünmürəm. Azarkeşlər iki gözəl finala, maraqlı oyunlara və böyük hadisələrə şahidlik etdilər".
Bunu UEFA prezidenti Aleksandr Çeferin deyib. Avropa futbolunda yaşanan son hadisələrlə bağlı geniş müsahibə verən sloveniyalı funksioner Bakı Olimpiya Stadionuda keçirilən Avropa Liqasının finalına da toxunub.
O, növbəti dəfə həlledici qarşılaşmanın paytaxtımıza salınması ilə bağlı səslənən tənqidi fikirləri cavablandırıb: "Azərbaycanda yaşayanlar da futbolu sevirlər. Üstəlik, onlar hər gün superulduz görmək imkanına malik deyillər. Biz Avropa futbolunun idarəetmə orqanıyıq, futbolu təkcə böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirməliyik. Bununla bağlı başqa bir məqam da var. Gördüyümüz işlər barədə kiçik fikrə sahib olanlar yəqin bilirlər ki, final oyunlarının məkanını bir il və ya il yarım öncədən müəyyənləşdiririk. Finalçıların bəlli olduğunu görmək üçün son iki həftəni gözləyib, sonra yer seçmirik. Məsələn, iki ingilis komandasının finala adlaması kimi. Rusiya klubu "Zenit" də, Ukrayna təmsilçisi "Şaxtyor" da Avropa Liqasında final oynayıb. Həmçinin Türkiyə klubu da finalda ola bilərdi".
Qeyd edək ki, mayın 29-da "Çelsi" ilə "Arsenal" arasında paytaxtımızda keçirilən final birincilərin 4:1 hesablı qələbəsi ilə nəticələnib. (matc.az)