Offside Sport Media bu dəfə futbol üzrə Azərbaycan Birinci Divizionundakı vəziyyətə toxunacaq.

İlk yazıda I Divizionun tarixini ümumi nəzərdən keçirməyə çalışacağıq.

Fəaliyyətini dayandıran çempionlar

Futbol üzrə Azərbaycan Birinci Divizionu 1992-ci ildən müntəzəm keçirilən iki peşəkar liqadan biridir. Turnir indiyə qədər 3 mövsüm baş tutmayıb. 1997/98, 1998/99 mövsümü təşkilati problemlər ucbatından, 2002/03 mövsümü isə AFFA ilə klublar arasında yaranan konfliktə görə keçirilməyib. 1997/98 mövsümündə Birinci Divizion rəsmi olaraq baş tutmasa da, aşağı liqa klublarının iştirakı ilə Əvəzedicilərin turniri təşkil olunub. 2018-ci ildə yüksək dəstədə oynayan klubların əvəzedicilərinin çempionatı və Birinci Divizion birləşdirilib.

Birinci Divizionun ilk qalibi sonralar "Bakı Fəhləsi", "ANS Pivani" kimi tanınan və 2000-ci ildə tarixə qovuşan "Nicat Maştağa" klubu olub.

a1

Paytaxt təmsilçisi təsis olunduğu ilk ildə analoji nəticəyə imza atıb. Birinci Divizionda ən çox qalib olan komandalar MOİK (2001, 2019) və "Neftçala"dır (2015,2016). 2004-cü ildə "ANŞAD Petrol" adı ilə aşağı dəstədə mübarizəyə başlayan "Neftçala" ardıcıl iki mövsüm çempion olmasına görə fərqlənir. Əyalət klubu maliyyə çətinliklərinə görə 2018-ci ildə fəaliyyətini dayandırıb.

Bİrİncİ Dİvİzİonda ən çox çempİon olan klublar

Bölgələrdən 45 klub, 12 qalib

Birinci Divizion təmsil olunan bölgələrin rəngarəngliyi baxımından seçilir. Tarix ərzində 45 bölgə təmsilçisi bu yarışa qatılıb. Qafqaz (Balakən), Mərcanlı (Cəbrayıl), Gənclik (Şəki), Şəfəq (Göyçay), Gənclik (Hacıqabul), Göy-Göl, Samux, Həkəri (Qubadlı) püşkatmada yer alsa da, sonradan çempionatı tərk edib. Bölgə klublarından "Kür" (Samux), "Avtomobilçi" (Yevlax), "Şəmkir", "Şahdağ" (Quba), "Şahdağ" (Qusar), "Lokomotiv" (İmişli), "Göyəzən" (Qazax), "Göygöl" (indiki "Qəbələ"), "Simurq" (Zaqatala), "Masallı", "ABN-Bərdə", "NBC"/"Muğan" (Salyan), "Gəncə", "Araz-Naxçıvan" aşağı liqadan güclülər dəstəsinə çıxmağa nail olub.

Birinci Divizionda ən çox oynayan komanda MOİK-dir (2003-cü ilə qədər OİK). Ordu klubu cari mövsüm də daxil olmaqla, 16 dəfə bu çempionatda mübarizəyə başlayıb. Birinci Divizionda oynamış ən titullu klub "Kəpəz"dir (Gəncə). Fəaliyyətinə bir müddət fasilə verən 3 qat ölkə çempionu ilk dəfə 2009/10 mövsümündə aşağı liqada görünüb. Birinci Divizionun "şərəf lövhəsi"ndə "Şəmkir"in adı da var. "Qırmızı ağlar" 1994/95 mövsümündə aşağı dəstənin qalibi kimi əsas liqaya vəsiqə qazanmış, daha sonra ardıcı iki dəfə Azərbaycan çempionu olmuşdu.

Çempion olan bölgə klubları

Birinci Divizion tarixi ərzində qeyri-stabilliyi, əsasnamə və formatının bir neçə dəfə dəyişdirilməsi, iştirakçıların standart olmayan sayı ilə diqqəti cəlb edib. Bir və ya bir neçə klubun çempionata qatılması, daha sonra mübarizədən yarımçıq çəkilmə halları dəfələrlə qeydə alınıb. Ən çox iştirakçı sayı 1993/94 mövsümündə olub. Həmin dövrdə 2-si müsabiqədənkənar olmaqla, 30 klub Birinci Divizionda mübarizə aparıb. 1999/00 mövsümündə 2 illik fasilədən sonra bərpa olunan aşağı dəstədə yarışa cəmi 4 komanda qoşulub. Bu, Birinci Divizionun tarixi ərzində ən aşağı iştirakçı sayıdır. 1995/96 mövsümündən etibarən 3 xallıq sistem tətbiq olunmağa başlanılıb. Əvvəlki 4 mövsümdə isə qələbə 2, heç-heçə1 xalla qiymətləndirilib. 3 xallıq sistemlə keçirilən çempionatlarda ən yüksək xalla 2013/14 mövsümündə "Araz-Naxçıvan" (79 xal), ən az xalla 1999/00 mövsümündə "Şahdağ Quba" (21 xal) birinci olub.

Birinci Divizionda yarışın keçirilmə sistemi bir neçə dəyişikliyə məruz qalıb. 1992-ci ildəki ilk çempionat 2 dövrəli dairəvi sistemlə oynanılıb. Aşağı dəstədə qrup sistemindən də istifadə edilib. Əsasnaməyə görə, əksər hallarda turnir cədvəlində ilk 2 yeri tutan komandalar güclülər dəstəsinə vəsiqə qazanmalı olsa da, müxtəlif səbəblər üzündən bunun reallaşmadığı bir sıra mövsümləri qeyd etmək olar.

Bİrİncİ Dİvİzİonda tətbİq olunan sİstemlər

Hazırki reqlamentə görə, Premyer Liqa klublarının B komandaları istisna olmaqla Birinci Divizionda ən yüksək yeri tutmuş və lisenziya şərtlərini yerinə yetirən 1 komanda 2020/21 mövsümündə yüksək dəstədə iştirak etmək hüququ qazanacaq. Premyer Liqaya vəsiqə əldə edən komanda tələblərə, lisenziyalaşdırma normalarına cavab verməsə və ya iştirakdan imtina etsə, onun yerinə Birinci Divizionda digər yüksək yeri tutmuş komandaya şans veriləcək. Premyer Liqaya yüksələcək komandaların sayı AFFA İcraiyyə Komitəsinin qərarı ilə dəyişdirilə bilər.Müxtəlif dövrlərdə Birinci Diviziondan yüksək liqaya 1, 2 və ya 3 komanda vəsiqə qazanıb. Statistika göstərir ki, həmin vəsiqəni təmin edən klubların güclülər dəstəsində oynamaq arzusu çox zaman həyata keçməyib. Buna həm obyektiv (üzvlük haqqının ödənilməsində çətinlik, lisenziya ala bilməmək), həm də subyektiv (klubun özünün imtina etməsi) səbəblər rəvac verib.

Bİrİncİ Dİvİzİon qalİblərİ və yüksək dəstə