"Araz-Naxçıvan”a nə olub?

Mövsüm başlayandan bəri bu sual aktuallığını qoruyur. Çempionatı bürünc medalla başa vurub, avrokuboklarda “Aris”i mübarizədən kənarlaşdıran komanda elitada qalmaq üçün ölüm-dirim savaşına girən “Kəpəz”ə uduzur. Üstündən çox keçməmiş isə ötən il başa-baş oynadığı “Qarabağ”a biabırçı hesabla məğlub olur. Əlbəttə, aydın məsələdir ki, komanda hər mövsüm uğurlu çıxış edə bilməz. Uğursuzluq zolağı da bu yolun bir hissəsidir.

Di gəl ki, “Araz-Naxçıvan”ın hazırkı vəziyyəti zolaqdan çox tuneli xatırladır və bu tunelin sonunda işıq görünmür. Gedişatdan məlum olur ki, klub rəhbərliyi Elmar Baxşıyevlə yolları ayırmaqda israrlıdır.

Əgər komanda uğursuz çıxış etdiyi üçün klub rəhbərliyi Baxşıyevi göndərmək istəyirsə, burada qeyri-adi heç nə yoxdur. “Araz-Naxçıvan”ın nəticələri göz qabağındadır. Ancaq bütün günah Baxşıyevdədirmi?

Komanda mövsüm ərzində qeyri-stabil çıxış edib. Kubok oyununda “Kəpəz”ə məğlubiyyət isə bardağı daşıran son damla idi, sadəcə. Həmin oyundan sonra Baxşıyev mətbuat konfransında demişdi ki, komandasını tanıya bilmir. Elə bizim kimi.

“Araz-Naxçıvan” kubok oyunundakı məğlubiyyətin revanşını çempionatda aldıqdan sonra komandanın müsbətə doğru nələrisə dəyişəcəyinə inam yaranmışdı. Amma və lakin növbəti oyunda “Qarabağ”a 5:1 hesablı məğlubiyyət bütün ümidləri alt-üst etdi. Təbii ki, məlum nəticədə “köhlən atlar”ın nümayiş etdirdiyi yaxşı oyunu da gözardı etmək olmaz. Çempionlar Liqasında “Ayaks”a məğlubiyyətdən sonra “Qarabağ” bu oyuna bir başqa motivasiya ilə çıxmışdı. Qələbə arzusu həm komandanın ümumi duruşunda, həm də futbolçuların ayrı-ayrılıqda göstərdiyi performansda hiss olunurdu. Təkcə Nərimanın ilk on beş dəqiqədə rəqib qapısı ağzında etdiyi canfəşanlığı qeyd etmək kifayətdir.

Bu gün “Araz-Naxçıvan” 23 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Avrokuboklara iddialı klub üçün münbit yer olmadığı aydın məsələdir. Bəs necə olur ki, ötən mövsüm ilk sıralarda gəzişən komanda indi turnir cədvəlinin ortalarında var-gəl edir?

Əvvəla, “Araz-Naxçıvan”ın heyətlə bağlı ciddi problemləri var. Yay transferlərinin nə dərəcədə uğurlu olması müzakirə mövzusudur. Əlbəttə ki, özünü təsdiq etmiş və uğurlu çıxışı ilə seçilən futbolçular da var. Çempionatımızın üç bombardirindən biri olan Ba-Muaka Simakala bu komandada forma geyinir. Son oyunlarda kifayət qədər uğurlu çıxış edən Patrik Andradenin adını isə xüsusilə qeyd edərdim. Bundan savayı, Qara Qarayev, Coşqun Diniyev kimi təcrübəli futbolçular da heyətdə yer alır. Lakin seçmə adları bir kənara qoyub ümumi mənzərəyə baxsaq, heyətin o qədər də geniş olduğunu deyə bilmərik. Üstəlik, oyunçuların yaş aralığına baxsaq, əksəriyyətinin 30 civarında dövr etdiyini görərik. Əlbəttə ki, komandada təcrübəli futbolçuların olması müsbət məqamdır. Ancaq nəzərə alsaq ki, futbolda təcrübə qədər fiziki güc də həlledici rol oynayır, o zaman balanslı heyət əsas şərtə çevrilir.

Digər tərəfdən, Ramon Maçado, Felipe Santos, Bəxtiyar Həsənalızadə, Rahil Məmmədov kimi aparıcı oyunçuların zədə səbəbindən komandaya lazımi qədər kömək ola bilməməsi nəticələrə təsirsiz ötüşmür. Bir sözlə, onsuz da rotasiya imkanları zəngin olmayan heyətdə zədəlilərin çoxluğu baş məşqçinin işini xeyli çətinləşdirir.

Sadaladığımız məqamları görməzdən gəlib bütün günahı Elmar Baxşıyevdə axtarmaq doğru deyil. Əvvəla, söhbət uzun illərdir Premyer Liqada təcrübəsi olan bir məşqçidən gedir. Üstəlik, adamın yaxın keçmişdə — hələ yarım il öncə — verdiyi nəticə niyə bu qədər tez yaddan çıxır? Bəlkə də Baxşıyevin məşqçi kimi idarəçiliyində problemlər var, yaxud da elə klub rəhbərliyi ilə. İstənilən halda, ilk uğursuz mövsümdə məşqçi dəyişikliyinə getmək nə dərəcədə doğru seçimdir? Gözümüzün önündə bu taktikanı tutan “Neftçi” nümunəsi varkən…

Bundan sonrasını bilmək olmaz, ancaq son mövsümlərdə komandanın uğursuz çıxışı göz qabağındadır. Məlum nəticələrdə tez-tez dəyişən məşqçi faktorunun da mühüm rolu var.

“Neftçi”dən söz düşmüşkən, məhz bu məqamda “ağ-qaralar”ın yeni baş məşqçisi Yuri Vernidubun komanda ilə keçirdiyi ilk oyundan sonra səsləndirdiyi fikirlərdən sitat gətirmək istəyirəm. Mütəxəssis deyir: “Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişəm. Amma nəyin üzərində işləmək lazım olduğunu bilirəm”.

Ukraynalı mütəxəssis elə bəri başdan ondan gözləntilərin sərhədlərini göstərir. Əlbəttə ki, nə “Araz-Naxçıvan”la “Neftçi”nin, nə də Baxşıyevlə Vernidubun hazırkı durumu eyni deyil. Ancaq çempionatımızın yeni qonağı məşqçinin rolunu bizə bir daha xatırladır: həmişə hər şey məşqçidən asılı deyil.

Hazırda “Araz-Naxçıvan”ın daxilində nələrin baş verdiyini bilmirik. Buna rəğmən, əsas oyunçularının zədəli olduğu, üstəlik o qədər də zəngin heyətə sahib olmayan komandanın məşqçisindən silsilə qələbələr istəyirik. Axı Elmar Baxşıyev də sehrbaz deyil…