Kişi şahmatçılar arasında Azərbaycan birinciliyinin mükafat fondu yenidən artırılıb.

Offsideplus.az federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, məbləğ 25 min manata çatdırılıb. Yarışın qalibi 10 min manat pul mükafatı qazanacaq və böyüklər arasında milli komandaya vəsiqə əldə edəcək.

Çempionatda ilk beş yeri tutacaq şahmatçılar əsasnaməyə uyğun olaraq mükafatlandırılacaqlar.

Yarışın mükafat fondu ötən il də artırılıb və həmin vaxt 22 000 manata çatdırılıb.

Bu gün isə Azərbaycan çempionatının püşkü atılıb. Yarışın baş hakimi Qüdrət İsmayılov əvvəlcə reqlament barədə iştirakçılara məlumat verib.

Yarışda Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Murad İbrahimli, İsmayıl Şahəliyev, Vüqar Manafov, Şiroğlan Talıbov, Fərid Mustafayev, Elvin Bayramov, Şahin Vəliyev, Fariz Əhmədov, Xaqan Əhməd və İsmayıl Qurbanov mübarizə aparacaq.

Qeyd edək ki, yarışa 14, 16 və 18 yaşlılar arasında ölkə çempionatının qalibləri, eləcə də birinci dəstə üzrə seçmələrdə ən yaxşı nəticə göstərən 7 iştirakçı dəvət olunub.

Çempionatın reytinq favoriti Nicat Abasovdur. Yarışın ən yaşlı iştirakçısı 1992-ci təvəllüdlü Vasif Durarbəylidir. Turnirin ən gənc şahmatçısı birinci dəstədə Azərbaycan çempionatının qalibi olan yeniyetmələr arasında Avropa birinciliyinin gümüş medalçısı - 12 yaşlı Xaqan Əhməd sayılır.

Yanvarın 13-də başlayacaq Azərbaycan çempionatı 9 turdan ibarət olacaq. İlk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcəklər. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq. Yarımfinala vəsiqə qazanacaq şahmatçılar şəxsi Avropa çempionatında iştirak hüququ qazanacaq.