Şahmat üzrə ermənistanlı qrossmeyster Levon Aronyan Ermənistanı tərk etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı şahmatçı şəxsi "feysbuk" hesabında geniş yazı yazaraq, onu sevənlərə səslənib. Aronyan ölkəsində özünə və təmsil etdiyi oyun növünə biganəliyi açıq şəkildə bildirib: "Ötən il hər birimiz üçün çox çətin oldu: pandemiya, müharibə, şəxsi çətinliklər, dövlətin erməni şahmatına qarşı laqeydliyi. Bunları gördükdən sonra qarşımdakı iki yoldan birini seçməliydim: ya sevdiyim idman növündən ayrılmalı, ya da mənə dəyər verilən yerə üz tutmalıydım. 

Hökümətin verdiyi vədlərin yerinə yetirilməsini 1 ildən artıq gözləsəm də, Ermənistanı tərk etməli olduğumu anladım. Dəyişikliyi gözləyən idmançı üçün hər ötən il vaxt itkisidir. Ailəmi, xüsusən də anamın fədakarlığını qiymətləndirirəm. Başqa seçimim qalmamışdı".

Aronyan yazının davamında ABŞ-dan ona dəstək verən insanlardan söz açıb ki, məhz okeanın o tayına gedəcəyi gözlənilir.