Yerli startapçıların yaratdığı "Eleven Kings" oyunu qarşıdakı həftələrdə Avropanın məşhur futbol klubları ilə əməkdaşlığa başlaya bilər. Offsideplus.az xəbər verir ki, məlumatlara görə, "Eleven Kings"in əməkdaşlıq edəcəyi klublar İngiltərə Premyer Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Şotlandiya Premyer Liqasında çıxış edən klublardır. 

Mövzu ilə bağlı startapın təsisçisi Orxan Rzayevlə söhbət etdik.

WhatsApp Image 2020 09 12 at 13.44.18

 - Orxan bəy,  ilk öncə yeni xəbərlərlə bağlı təbrik edirik və uğurlar arzulayırıq. Sirr deyilsə bilmək istərdik ki, hansı klublarla əməkdaşlıqlar gözlənilir?

- Təşəkkür edirəm. İtaliyadan "Udineze", Almaniyadan "Borrusiya Dortmund", Şotlandiyadan "Hibernian FC" və İngiltərənin əsas və ikinci liqasından bir neçə klubla ilkin danışıqlar artıq baş tutub. Pandemiya səbəbilə marketinq və partnyorluq planlarına dəyişikliklər edən Avropa klubları indi daha sərfəli şərtlərlə əməkdaşlıq imkanları təklif edirlər. Bu da bizim kimi, yeni başlayan, büdcəsi limitli olan startaplar üçün göydəndüşmə fürsətdir. Bir ilə yaxındır bu istiqamətdə fəaliyyətimiz var idi, pandemiya isə daha sərfəli imkanlar yaratdı, buna görə hazırda danışıqları sürətləndirmişik. Əməkdaşlığa başlamaq üçün həm uyğun şərtlərlə razılaşmalıyıq, həm də paralel olaraq startapa əlavə investisiya cəlb etməliyik".

 

WhatsApp Image 2020 09 12 at 13.44.18 1

- Qeyd etdiyiniz klubların hamısı Avropa klublarıdır. Amma bilirik ki, mobil futbol oyunlarının dünyanın digər regionlarında da böyük auditoriyası var. O istiqamətdə planlarınız varmı?

- Avropalı istifadəçilər hazırda "Eleven Kings"də ən aktiv və ən çox gəlir gətirən auditoriyadır. Buna görə Avropa bazarında tanınmaq bizim startap üçün stratejidir. Qeyd olunan klublardan hər hansı biri ilə uzunmüddətli əməkdaşlıq bu istəyimizə çatmağa kömək olacaq. Amma paralel olaraq ABŞ, C. Amerika və Asiya bazarları üzrə də çalışmalarımız var. İşlərimiz istədiyimiz kimi getsə 2021-ci ildə ABŞ-da böyüməyi hədəfləmişik. Həmçinin Braziliya və Hindistan çempionlarını da araşdırmışıq. Bizə lazım olan böyük auditoriya var bu regionlarda. Hindistanda bir partnyorumuz da var artıq. Növbəti addımlarda bu bazarlarda da böyüməyi planlayırıq.

- "Eleven Kings" oyunu hazırda hansı mərhələdədir, oyunun yekun versiyası hazırdırmı?

- Mobil tətbiqlər daima yenilənməlidir, yeni funksionallıqlar, dizaynda kiçik də olsa dəyişikliklər və s. olmalıdır. Bu baxımdan heç zaman hansısa mobil tətbiqə "yekun versiyasıdır" deyə bilmərik. "Eleven Kings"in android versiyası tam işləkdir, iOS və Dekstop versiya üzərində işlər davam edir. Android smartfon istifadəçiləri saatlarla oyunu oynayır, oyuna pul xərcləyir. Bir gündə 30-40 dollar pul xərcləyən istifadəçilərimiz var. Həmçinin daha çox xal və balans yığmaq üçün bir gündə 100+ Google reklamları izləyib, bizə 5-10 dollar qazandıran istifadəçilərimiz var. Yəni oyun tam işlək vəziyyətdədir. İndi bizə lazım olan düzgün marketinq fəaliyyəti və düzgün əməkdaşlıqlarla bu aktivliyi yüzə, minə, on minə vurmaq. 

WhatsApp Image 2020 09 12 at 13.44.19

 - Gəlirlər barədə qeyd etdiniz. Bu sektorda olan startaplar nə qədər gəlir qazanırlar?

- Hazırda oyun şirkətləri təkcə Google reklamlarından hər il 1-100 milyon dollar gəlir əldə edə bilirlər. Bazar fantastik böyükdür. İstifadəçilərin bir ildə oyunlara xərclədikləri vəsaitin həcmi 300 milyard dollara yaxındır. Buna Google və digər reklam gəlirlərini, həmçinin bizim kimi futbolla əlaqəli startaplar üçün futbola xərclənən marketinq PR büdcələrini də əlavə etdikdə görürük ki, bizim fəaliyyət sektorunda hər il yarım trilyon dollardan çox vəsait dövr edir. Ordan nə qədər qazanmaq olar, o bizim bacarığımızdan asılıdır. Səbr, təcrübə, əlaqələr, marketinq, PR fəalliyyəti, menecment və s. bir çox amillər təsir edir. Nə qədər təcrübəli və ağıllı oynayırsansa o qədər çox böyüyə bilirsən.