Futbol üzrə əvəzedicilər liqasında güclü qar yağması səbəbindən fevralın 23-də təxirə salınan "Qarabağ-2" - "Sabah-2" matçı bu gün baş tutub.
Offsideplus.az xəbər verir ki, Bakıdakı "Azərsun Arena"da gerçəkləşən görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.
Oyunda hesabı birinci hissənin uzatma dəqiqələrində Ağdam təmsilçisinin hücumçusu Mahmud Ağayev açıb. "Sabah-2" fasilədən qayıdan kimi Ramil Nuraxmedovun qolu sayəsində tarazlığı bərpa edib.
Lakin qarşılaşmanın sonları "Qarabağ-2"nin tam üstünlüyü ilə keçib. Mahmud Ağayev 79-cu dəqiqədə dublunu rəsmiləşdirib, bundan 10 dəqiqə sonra isə Qurban Səfərov matçda son nöqtəni qoyub - 3:1.
Qələbə sayəsində 5-ci pillədə qərarlaşan "Qarabağ-2" xallarının sayını 37-yə çatdırıb. Çempionluq uğrunda "Neftçi" və "Turan Tovuz"la mübarizə aparan "Sabah-2" isə 42 xalla 3-cüdür.