Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Bakıda Norveç təmsilçisi "Molde"ni qəbul etməli olsa da qarşı tərəf COVİD-19 pandemiyasını bəhanə gətirərək Azərbaycana gəlməkdən boyun qaçırır.
Offsideplus.az xəbər verir ki, "Molde"nin ölkəyə qayıtdığı zamanı dövlətin müvafiq qurumları tərəfindən 10 gün karantində saxlama durumunu əsas gətirərək ölkəmizə gəlməkdən çəkinməsi oyunun təyinatıyla bağlı yubanma yaradıb. "Qarabağ"ın prezidenti Tahir Gözel baş verən hadisəni klub saytına belə dəyərləndirib:
"Hal-hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə "Qarabağ" tərəfi sonuna qədər haqlı olsa da UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlmişdir. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi məmnuniyyətlə bunu edərdik. Amma görünən odu ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman kimi , bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdi. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa olsun komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm".
Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etsə də, rədd cavabı almışdı.