Bu gün Misli Premyer Liqasının XXX turunda “Şamaxı” doğma meydanda “Sumqayıt”ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra ev sahiblərinin baş məşqçisi Vaqif Cavadov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, məğlubiyyətin üzücü olduğunu bildirib:
“Məğlub olduq, bu üzücüdür. Baxmayaraq ki, hər iki hissədə yaxşı oynadıq. Qələbəni çox istəyirdik, alınmadı. Ardıcıl qollar gözlənilməz oldu. Məğlub olmamaq üçün sona qədər mübarizə apardıq".
Baş məşqçi ardıcıl xallar qazandıqdan sonra komandanın motivasiya problemi yaşadığını istisna etməyib:
“Ola bilər. Futbolçular da dərk etməlidir ki, mövsüm bitməyib. Uşaqlar sonlara yaxın həm də düşünməlidir ki, bu, öz müqavilələrinə də təsir edir. Hər pillədə olan komandanın oyunçusunun buna uyğun qiyməti var”.
Cavadov ehtiyatda qalan Rövlan Muradovla bağlı sualı da cavablandırıb:
“Mən gələnə kimi 18 oyun əsas heyətdə olub və 11 oyunda komanda qələbə qazana bilməyib. Baxıram, kim daha yaxşı görünürsə, ona şans verirəm. Rövlanla danışmışam, yaxşı futbolçudur. Sadəcə necə ki əvvəki matçlarda Sərtan və digərləri şans gözləyirdi, indi o da gözləməlidir”.
Azarkeşlərin öncə dəstək verib, sonra sərt reaksiya göstərməsinə də toxunan baş məşqçi anlayış istəyib:
“Azarkeşlər üzürlü saysın. Bugünkü oyuna görə məğlub olmamalıydıq. Fanatların həmişə yanında olmuşam. Bu gün matç bitəndən sonra emosional olduğum üçün dərhal paltardəyişmə otağına getdim”.
Komanda daxilində futbolçular arasında yaşanan bəzi gərginliklərə də münasibət bildirən Cavadov bu halı normal saydığını qeyd edib:
“Mübahisə yoxdur. Futbolda belə hallar olur. Kənardan baxanda həqiqətləri görmək lazımdır. Uşaqlar bir-birinə oyun epizodları ilə bağlı iradlar bildirir. Bu, normaldır”.